“Qarabağ” əzmkar qələbə qazandı

21.09.2024
184
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatı davam edir. Yarışın 2-cı turunda maraqlı görüşlərdən biri “Qarabağ” və “Dinamo” komandaları arasında olub. “AHF Arena”da keçirilən oyunu beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyevlə respublika dərəcəli referi Aydan Hüseynova idarə edib. Qarşılaşmanın deleqatı isə beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub.
Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu, həm matçın yekun hesabında, həm də, meydanda yaşananlarda əksini tapıb. Xala-xal prinsipi ilə başlayan qarşılaşmanın əvvəlində komandaların təşəbbüsə yiyələnmək cəhdləri alınmayıb. Hər iki kollektiv yüksək əzmkarlıq nümayiş etdirərək, rəqibin önə keçməsinə imkan verməməyə çalışıb. Mübarizə bəzi anlarda kobudluqlarla müşayiət olunduğundan rəqib düşərgələrdə - xüsusilə “Qarabağ”ın texniki zonasında emosiyaların coşmasına gətirib çıxarıb. Hakimlər komandanın sistematik etiraz bildirən məşqçisi Emin Aydəmirova bir neçə dəfə xəbərdarlıq etsələr də, vəziyyəti sakitləşdirmək cəhdləri alınmayıb. Nəticədə əvvəlcə sarı vərəqə alan Emin Aydəmirova ardınca iki dəqiqəlik cəza tətbiq olunub. Hakimlərin bu qərarları da nəticəsiz qaldığından, qırmızı, ardınca isə göy vərəqə ilə cəzalandırılan məşqçi oyundan kənarlaşdırılıb. Daha çox gərginliyi ilə diqqət çəkən ilk hissə “Dinamo”nun 16:14 hesablı üstünlüyü ilə yekunlaşıb. Amma, “dinamoçular” bu üstünlüyü sonadək qoruya bilməyiblər. Fasilədən sonra daha inamlı oyun göstərən “Qarabağ” fərqi aradan qaldırıb. Bununla kifayətlənməyən nominal qonaqların təhlükəli hücumları bəhrəsiz qalmayıb. Rəqibdən fərqli olaraq, imkanlardan daha layiqli yararlanan “Qarabağ” görüşü qələbə ilə başa vurub - 31:28. Günün digər matçında “Azəryol” U-17 komandasını 64:19 hesabı ilə məğlub edib.
Qadın həndbolçuların ölkə çempionatında isə, “Azəryol” “Bakı”ya böyük hesabla qalib gəlib – 48:7.

Digər Xəbərlər

Bugünkü oyunların nəticələri

394 06.02.2024

AHF-də yeni mövsüm müzakirə olundu

260 07.08.2024

"Məhsul"la "Bakı"dan növbəti qələbə

848 28.01.2018

Qadın həndbolçularımızdan uğurlu start

891 09.05.2017

Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

259 03.07.2024

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

888 07.07.2022

“Olimpiya” komandasından ardıcıl qələbələr

941 21.12.2018

"Azərsu” və “Azəryol” komandaları növbəti qələbələrini qazanıblar

1116 24.11.2018