Həndbol idman oyununun yaranma tarixi 1898-ci ilə təsadüf edir. Həmin il Danimarkanın Ordrup şəhərinin bədən tərbiyəsi müəllimi Holqer Nilsen tərəfindən bədən tərbiyəsi dərslərinə, qadın qrupu üçün “handball” (“hand” - əl və “ball” - top) adlanan topla oyun daxil edilib. Amma aparılan araşdırmalar həndbolun yaranma tarixinin daha erkən vaxta təsadüf etdiyindən xəbər verir.
Azərbaycanda həndbolun inkişafına ilk dəfə 1926-1928-ci illərdə cəhd edilib. Lakin o zaman bu yeni oyun Bakı idmançılarının ürəyinə yol tapa bilməyib. Həmin illərdə üstünlük futbol, basketbol və voleybol kimi çox geniş yayılmış idman oyunlarına verilirdi.
Ölkəmizdə əl topu idmanının yaranması və inkişafı haqqında ilk məlumat 1955-ci ilə təsadüf edir. Azərbaycanın ilk hərbi həndbol komandasının banisi V.Çernoqortsev həmin il Leninqradda təhsil aldıqdan sonra Bakıya qayıdaraq seminar təşkil edir və yeni oyun haqqında məlumat verir. Bu oyunun əsgərlərin fiziki tərbiyəsində gözəl vasitə olacağını düşünən ordu idman rəhbərləri əl topu oyunu ilə maraqlanırlar. Nəticədə texnika və taktika mükəmməlləşdirildikdən, qaydalar dəyişdirildikdən sonra əl topu oyunu silahlı qüvvələrin ən əsas idman növlərindən birinə çevrilir.
Həndbol idmançı-hərbi qulluqçular arasında geniş vüsət aldıqdan və silahlı qüvvələr üçün vacib idman növlərindən birinə çevrildikdən sonra qarnizonlar arasında birinciliklərin keçirilməsinə başlanılıb. Baş məşqçisi və oyunçusu V.Çernoqortsev olan əsgər və hərbi qulluqçulardan ibarət komanda mümkün olduğu qədər yoldaşlıq və göstəriş oyunları təşkil edirdi. Hakimlər və məşqçilər üçün seminarlar keçirilirdi. Bu da hərbçi kollektivlərində həndbolun inkişafı üçün gözəl stimul yaradırdı.
Bakının hərbi dairə komandası Azərbaycanı ilk dəfə 1956-cı ildə Vilnüsdə keçirilən əl topu oyunu üzrə birinci sovet çempionatında təmsil edib. Lakin Azərbaycan komandası bu yarışlarda finala çıxa bilmir. Əlbəttə ki, əl topu oyunu ilə artıq bir neçə il tanış olan Moskva vilayətinin, Lvovun, Kiyevin, Leninqradın güclü kollektivləri ilə oynamaq heç də asan deyildi. Lakin respublikamızda həndbolun inkişafı davam etməkdə idi.
Hərtərəfli inkişafa kömək edən bu əyləncəli oyunla artıq tələbələr də maraqlanmağa başlamışdılar. Həmin il - yəni, 1956-cı ildə Bakıda əl topu oyunu üzrə kurs təşkil edildi. Bu kursda Bədən Tərbiyəsi və İdman İnstitutunun bəzi müəllimləri, o cümlədən V.İ.Sorokin və N.Əliyev də iştirak ediblər. Tələbələr arasında oyunun inkişaf etdirilməsi təşəbbüsü məhz V.İ.Sorokinə məxsus idi. Azərbaycanda ilk həndbol komandası 1957-ci ildə V.İ.Sorokin tərəfindən yaradılıb. O, Bədən Tərbiyəsi və İdman İnstitutunun nəzdində basketbolçulardan, voleybolçulardan ibarət komanda yaratmış, onlara yeni oyunun qaydalarını izah etmiş və onlara həndbolun texnika və taktikasını öyrətmişdi.
1958-ci ildə Bakının əsas etibarilə hərbçilərdən və həmçinin tələbələrdən təşkil edilmiş Ordu İdman Klubu (OİK) SSRİ çempionatında iştirak etmək üçün Voronejə yola düşüb. Lakin keçmiş Sovet İttifaqının çempionatından əvvəl Bakının dörd komandası - “Spartak”, “Dinamo”, “OİK “ və “Burevestnik” komandaları arasında şəhər birinciliyi təşkil edilmişdi. Beləliklə, həndbol ildən-ilə daha da məşhurlaşmağa başlayır.
1958-ci ilin oktyabrında Bakıda paytaxtın yığma komandası ilə Tbilisi komandası arasında ilk beynəlxalq həndbol matçı keçirilib. Təmsilçilərimiz gürcü rəqibləri üzərində 12:6 hesabı ilə qələbə qazanıblar.
1956-1961-ci illər ərzində keçmiş SSRİ-də həndbol üzrə altı birincilik təşkil olunub. Bu yarışlarda Bakı komandaları da iştirak ediblər. Yarışlar 11x11 formasında keçirilib. Həndbol üzrə 7x7 formatında yarışlar isə ilk dəfə 1962-ci ildə SSRİ birinciliyində keçirilib. Bu çempionatda Bakının “Dinamo” komandası da iştirak edib və Tbilisidə keçirilən yarımqrupda üçüncü yeri tutub. İlk SSRİ çempionatının qalibi Tbilisinin “Burevestnik” komandası olub.
Azərbaycan həndbolunun inkişafında ən diqqətəlayiq məqam ondan ibarətdir ki, Bakı idmançıları təkcə 11x11 formatında məşq və oyun keçirmirdi, 7 nəfərdən ibarət tərkibdə də oynayırdılar.
Paytaxtımızda kişi həndbolu ilə yanaşı, qadın həndbolu da inkişaf edirdi, V.İ.Sorokinin təşəbbüsü ilə qadın komandası da yaradılmışdı. 1962-ci ildə 7x7 həndbolu üzrə keçirilən ilk SSRİ birinciliyinin iştirakçıları arasında Bakının “Lokomotiv” qadın komandası da var idi. Yarışda iştirak edən 18 komanda arasında bakılı qızlar beşinci yeri tutublar.
1963-cü ildə isə Bakının “Dinamo” komandası Tbilisinin “Burevestnik” kollektivinə 13:11 hesabı ilə qalib gələrək birinci yeri tutur və ittifaq birinciliyinin finalına çıxır. Komandamız 12 güclü komanda arasında iştirak edərək altıncı pillənin sahibi olur. “Dinamo” komandasının oyunçularından A.Çolaqoğlu, A.Şilyayev, V.Korotkiy, A.Paxunkov, A.Quliyev, V.Kiriçek, T.Mehdibəyli və başqaları gözəl oyun nümayiş etdirərək respublikamızın idman şərəfini ləyaqətlə qoruyublar.
1963-cü ildən 1969-cu ilə qədər “Dinamo” komandası SSRİ birinciliyinin yüksək liqasında müvəffəqiyyətlə çıxış edərək ən güclü komandalar sırasına daxil olmuşdu. 1965-ci ildə respublikanın qadın həndbol komandası Sovet İttifaqının çempionatlarında “Spartak”ın himayəsi altında çıxış etməyə başlayır. Həmin il Azərbaycanın həndbol azarkeşləri üçün ən əlamətdar il olur. Belə ki, klubun tarixində ilk dəfə olaraq “Spartak” komandası yüksək liqa komandaları arasında keçirilən SSRİ birinciliyində bürünc mükafata layiq görülür. “Spartak”ın komanda heyətinə Rəfiqə Şabanova, Validə Həmidova kimi idmançılar və qapının etibarlı müdafiəçisi olan Qalina Kazaşnikova da daxil idi. 1970-ci ildən 1974-cü ilə qədər qadınlardan ibarət “Spartak” komandası ardıcıl beş dəfə ikinci yeri tutub.
1974-1976-cı illər respublika həndbolunun yüksəliş dövrü idi. Azərbaycanda əl topu oyunu üzrə çempionatlar ölkənin rayonlarında da keçirilməyə başlayır. Bu da respublikamızda həndbolun inkişafına təkan verir.
Azərbaycan həndboluna V.Kozlov, Y.Kleyner, V.Korotkiy, A.Çolaqoğlu, A.Şilyayev, Ç.Axundov, K.Kəbirlinski, L.Leksutov, V.Botov, V.Kiriçek, N.Məmmədov, R.Sadıxov, A.Noviçkov, V.Neçay, İ.Əsgərov onlarla gənc istedadın üzə çıxarılmasına, həndbolun inkişafına öz töhfələrini veriblər. V.Sorokin, A.Zubkov, V.Zubkov, A.Paxunkov, V.Kozlov, T.Mehdibəyli, Z.Qasımov, V.Şaqin, C.Məmmədov, D.Qluşko gözəl idmançı, hakim və məşqçilər kimi indi də xatırlanırlar.
Uzun müddət həndbol orbitində V.Korotkiy, A.Çolaqoğlu, V.Kiriçek, V.Xudoyaqko, A.Fərzəliyev, V.Masalov, İ.Leksutov, V.İvanov, V.Soloqubov, V.Mokrousov, A.Ağayev, V.Utkin, M.Xametov, V.Neçay, A.Petrov, Q.Panin, V.Əliyev, Ç.Əzimov, A.Məmmədov, V.Quliyev və başqaları parlayıblar.
Ölkəmizdə həndbolun inkişafının göstəricisi kimi, təkcə bunu demək yerinə düşər ki, Bakının “İMF” (İdman Malları Fabriki) komandası 1975-1990-cı illərdə uğurla çıxış edərək beş dəfə ikinci, beş dəfə isə üçüncü sırada yer almağa nail olub.
1976-cı ildə Beynəlxalq Həndbol Federasiyası Avropa ölkələri kubokları sahiblərinin kuboku uğrunda yarış keçirmək barədə qərarı qəbul edib. 1976-cı ildə keçmiş SSRİ çempionatında gümüş medal qazanmış Bakının “Spartak” komandası 1976-1977-ci illərdə “Kuboklar Sahiblərinin Kuboku” uğrunda mübarizəyə qatılmaq hüququ əldə edir.
1983-cü ildə Bakının “Аvtomobilçi” komandası keçmiş SSRİ çempionatında üçüncü yerə çıxaraq Beynəlxalq Həndbol Federasiyasının (BHF) kuboku uğrunda mübarizəyə qatılır. Nəticədə Azərbaycan idmanı tarixində ilk dəfə olaraq qadın həndbol komandası BHF-in rəsmi mükafatını - baş kubokunu qazanır. Bu, həm də həndbol üzrə klub turnirləri səviyyəsində Azərbaycanın ilk uğuru olur.
Həndbol, xüsusən də qadın həndbolu Azərbaycanda zəngin ənənəsi olan idman növlərindəndir. Həndbolçularımızın qazandıqları uğurlar da bunu təsdiqləyir. Təsadüfi deyil ki, idmanın bu növü üzrə Olimpiya çempionlarımız da var. Tanınmış idmançılarımız - Rəfiqə Şabanova və Lyudmila Şubina Monreal, uzun illər Bakının “Avtomobilçi” komandasının şərəfini qoruyan Larisa Savkina isə Moskva olimpiadalarının çempionu olublar. 1984-cü ildə siyasi böhranla əlaqədar SSRİ idmançıları ABŞ-ın Los-Anceles şəhərində təşkil edilmiş olimpiadaya qatıla bilmirlər. Alternativ yarışın – “Xoşməramlı oyunlar”ın (“Dostluq-84”) qalibi olan SSRİ komandasının heyətində həndbolçumuz Asmira Əsgərova qızıl medala layiq görülüb. 1988-ci il Seul Olimpiadasında daha bir təmsilçimiz - Elina Qusyeva bürünc medal qazanan SSRİ seçməsinin heyətində olub. Lüdmila Şubina ilə Marina Cəfərova dünya çempionatının da mükafatçılarıdır. Svetlana Mozqavaya, Lina Neudaxina, Yelena Kalaşnikova kimi həndbolçularımız isə yeniyetmə və gənclər arasında dünya çempionu adına layiq görülüblər.
Q.Kamışnikova, N.Osetinskaya, Q.Dunçeva, Q.Priqodskaya, N.Maslova, A.Deyneko, S.Mirzəyeva, N.Trefilova, O.Nedid, V.Həmidova, T.Məmmədova, A.Əsgərova (Vahabzadə), Q. Nağıbəyova, L. Karlova, M.Tankaskaya, R.Xametova kimi həndbolçular da Azərbaycan idmanının tanınmış simalarıdır.
Azərbaycanın “Spartak, “FST”, “Bakılı” və “Avtomobilçi” klubları SSRİ çempionatlarında layiqli yerlər tutublar. Komandalarımız bu yarışlarda 9 dəfə gümüş, 7 dəfə bürünc mükafata sahib olublar.
1991-ci ildə “Aypara”, “Bakılı”, “XəIitə”, “ABU” komandaları müstəqil Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil ediblər. Gözəl oyun, yüksək ustalıq, sürətli hücum, bacarıqlı müdafiə və yüksək texnika… Bütün bunlar Azərbaycanın həndboluna xas olan keyfiyyətlərdir.
Müstəqil Azərbaycan həndbolunun ən böyük uğurları sözsüz ki, İslam Həmrəyliyi Oyunlarında qazanılan mükafatlardır. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi IV Islam Həmrəyliyi Oyunlarının qızıl, V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medallarına layiq görülüb.
Bu gün Azərbaycan həndbolu müasir mərhələdə özünün inkişaf dövrünü yaşayır. Azərbaycan dövləti, eləcə də Federasiya tərəfindən idmanın bu növünün inkişafına göstərilən yüksək diqqət və qayğı qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsinə güclü inam və zəmin yaradır.