“Bakı” “Kür”ü paytaxtdan xalsız yola saldı

17.01.2026
250
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında 5-ci turun oyunları keçirilib.


Turun mərkəzi görüşündə paytaxtın “Bakı” və Mingəçevirin “Kür” komandaları qarşılaşıblar. “AHF Arena”da təşkil olunan oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Matçın hakim-inspektoru isə beynəlxalq dərəcəli referi Vaqif Əliyev olub.


Komandalar gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan matça bərabər səviyyəli oyunla başlayıblar. Bu, rəqiblərin vurduğu qarşılıqlı qollarda da əksini tapıb. Amma tədricən təşəbbüsə yiyələnən ev sahibləri, qapıçı Rüstəm Hüseynovun da inamlı çıxışı sayəsində irəli çıxmağı bacarıblar. Bununla razılaşmayan qonaqların baş məşqçi Nasser Saliminin tövsiyyələri nəticəsiz qalmayıb. Sürəti artıran Mingəçevir həndbolçuları hissənin ortalarında geriliyi aradan qaldırıblar.


Eldar Fərəcovun komandasının fəallaşması vəziyyəti yenidən “Bakı”nın xeyrinə dəyişsə də, ev sahibləri üstünlüyü qoruya bilməyiblər. Yüksək əzmkarlıq göstərən “Kür” fasilə ərəfəsində azlıqda qalmasına rəğmən tarazlığı bərpa edib –12:12.


Görüşün qalan hissəsi də gərgin mübarizə şəraitində keçib. Rəqib müdafiəsindəki səhvlərdən daha yaxşı yararlanan paytaxt həndbolçuları matçın gedişində yenidən üstünlüyə yiyələniblər. “Kür” fərqi azaltmağa nail olsa da, final fitinə yaxın daha inamlı oyun göstərən “Bakı” azarkeşlərini sevindirməyi bacarıb.


Görüşdə son nöqtəni qoyan Elnur Hüseynzadə komandasının 28:25 hesablı qələbəsini rəsmiləşdirib.

Digər Xəbərlər

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

2136 07.07.2022

AHF-nin iclası keçirilib

2686 12.09.2023

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır

2455 20.08.2017

IX turun ilk oyun gününün nəticələri

2640 31.01.2024

Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - GRE (Yunanıstan) 32:30

2944 12.08.2023

“Azəryol”un Çağırış kubokundakı növbəti rəqibi müəyyənləşib

2854 27.11.2017

2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib

394 23.12.2025

Azərbaycan çempionatına yekun vurulub

2743 30.04.2019