AHF-də yeni mövsüm müzakirə olundu

07.08.2024
1935
Paylaş:

Azərbaycan Həndbol Federasiyasında 31-ci ölkə çempionatına hazırlıq iclası keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyi, federasiyanın nümayəndələri, məşqçilər və hakimlər iştirak ediblər. 


Çıxış edən federasiyanın baş katibi Yusif Atakişiyev son illər ölkəmizdə həndbola marağın daha da artmasının yeni mövsümdə komanda sayına da  müsbət təsirini göstəriyini bildirib. Kişilərin turnirində 9, qadınların yarışında isə 7 komandanın mübarizə apacağını deyən baş katib iştirakçılara uğurlar arzulayıb. 


Daha sonra federasiyanın idman şöbəsinin müdiri İsgəndər Əsgərov çempionatın reqlamenti barədə ətraflı məlumat verib. Bildirilib ki, 5 dövrədən ibarət olan kişi həndbolçuların yarışında 21 tur keçiriləcək. 9 turu əhatə edəcək ilk mərhələdə komandalar yalnız bir dəfə bir-birləri ilə qarşılaşacaq. İkinci mərhələdə isə 1-ci - 4-cü yerləri tutacaq kollektivlər 4 dəfə üz-üzə gələcək. 5-ci - 9-cu yerlərin sahibləri isə bir ev və bir səfər matçında meydana çıxacaq.


Qadınların mübarizəsi 19 turdan ibarət olacaq və ilk mərhələdə 7 tur oynanılacaq. Komandalar bu mərhələdə yalnız bir dəfə bir-birlərinə rəqib olacaq. Kişilərin turnirində olduğu kimi burada da ilk 4 yerin sahibi 4 dəfə qarşılaşacaq. İlkin mərhələni  5-7-ci yerlərdə tamamlayan kollektivlər isə 2 dəfə üz-üzə gələcək. 31-ci ölkə çempionatı oktyabrın 18-də start götürəcək.


İclasda yeni mövsümdə Avrokuboklarda çıxış edəcək komandalar barədə də məlumat verilib. Baş katib bildirib ki, kişilərin yarışında ölkəmizi “Kür” və “Bakı”, qadınların mübarizəsində “Qarabağ”, “Kür” və “Azəryol” təmsil edəcək. Tədbirdə həmçinin avqustun 28-dən sentyabrın 1-dək Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinin təşkil olunacağı qeyd olunub. Yarışda Azərbaycanın komandası ilə yanaşı bir neçə ölkə təmsilçisinin iştirakı gözlənilir.


İştirakçıları maraqlandıran suallara cavab verildikdən sonra ölkə çempionatının püşkatma mərasimi keçirilib.

Digər Xəbərlər

Azərbaycan kuboklarının sahibləri məlumdur

1987 31.05.2024

Favoritlər turu qələbə ilə başa vurdular

2849 11.11.2018

Avropa Kuboku, III mərhələ: Qarabağ (Azərbaycan) - Qaliçanka (Ukrayna) 19:34 (6:14)

1832 17.11.2024

Həndbolçularımız Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar

2279 28.07.2023

Həndbol üzrə iyirmi altıncı Azərbaycan çempionatında növbəti oyun keçirilib

2918 08.04.2019

“Azəryol” "Kristianstad”la növbəti oyununu keçirib

2520 03.02.2018

Azərbaycan çempionatı: I turun son oyunu

1827 15.09.2024

“Azəryol”da yeni transfer

446 28.10.2025