Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi və qadın həndbolçuların qrup mərhələsinə start verilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda 8 komanda iki qrupda mübarizə aparır. Kişilərin turnirində Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı “A”qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə “B” qrupunda yarışır.
Qadınların mübarizəsində Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun milliləri qələbəyə iddialıdır.
Mübarizəyə əvvəlcə “A” qrupunda yer alan Səudiyyə Ərəbistanı və Əlcəzair komandaları başlayıblar. Görüş 26:13 hesabı ilə Səudiyyə Ərəbistanının xeyrinə nəticələnib. Milli komandamızın startı da uğurlu alınıb. Həndbolçularımız Pakistanı 43:36 hesablı ilə məğlub ediblər. Komandamızın üzvü Maksim Butenko rəqib qapısına 11 qol vurub.
“B” qrupunun ilk oyununda Türkiyə millisi Mərakeşə 27:24 hesabı ilə qalib gəlib. İraq-İordaniya görüşündə isə nominal meydan sahibləri böyük hesablı qələbəyə seviniblər – 37:15.
Qadınların turnirində mübarizəyə Türkiyə – Özbəkistan matçı ilə start verilib. Yarışın favoritlərindən sayılan Türkiyə mübarizəyə inamlı qələbə ilə başlayıb – 37:21. Kamerun-Azərbaycan görüşü daha maraqlı alınıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma həndbolçularımızın 28:26 hesablı qələbəsi ilə yekunlaşıb. 10 dəfə rəqib qapısına yol tapan Marina Tankaskaya qələbədə əsas pay sahibi olub.