Martın 12-də həndbol üzrə Azərbaycan çempionatı yekunlaşıb.
Qadın həndbolçuların yarışının ikinci dövrəsinin son oyunlarında “Gənclər Birliyi” komandası “Qarabağ”a 32:30, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin (RİOEUGİM) 2 saylı klubu “Nəsimi”yə (12 saylı İOEUGİM) 33:28 hesabı ilə qalib gəlib. Kişilərin mübarizəsində isə “Məhsul” “Təhsil”i 42:29, “Nur” “Azəryol”u 27:21 hesabı ilə məğlubiyyətə uğradıb.
Oyunlardan sonra XXIV Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən AHF-in prezidenti Saleh Məmmədov çempionatın əhəmiyyətindən söz açaraq qısa müddət ərzində görülmüş işlər barədə məlumat verib. O, əldə olunan nailiyyətlərə və həndbolun inkişafına göstərdiyi yüksək diqqətə və dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan çempionatında fərqlənən həndbolçuları təbrik edərək onlara beynəlxalq yarışlarda uğurlar arzulayıb.
Ardınca keçirilən mükafatlandırma mərasimində əvvəlcə kişi həndbolçulara medallar təqdim olunub. “Məhsul” komandası qızıl, “Təhsil” kollektivi gümüş, RİOEUGİM (2 saylı) həndbolçuları isə bürünc medallara layiq görülüb.
Qadınlar arasında keçirilən yarışların nətəcələrinə əsasən, “Nur” qızıl, “Azəryol” gümüş, “Qarabağ” bürünc medallarla təltif olunub. Bununla yanaşı, ayrı-ayrı nominasiyalar üzrə fərqlənən həndbolçular da mükafatlandırılıblar.