“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb

Qadın həndbolçuların Azərbaycan çempionatında 12-ci turun oyunları keçirilib. Çempionluğa əsas namizədlərdən sayılan “Azərsu” “Gənclər Birliyi” ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma 48:23 hesabı ilə favorit komandanın xeyrinə nəticələnib.

Baş mükafata digər iddialı – “Azəryol” da turu qələbə ilə başa vurub.  “Azərsu”dan fərqli olaraq, “Azəryol” üçün növbəti qələbə heç də asan alınmayıb. Güclü rəqibə qarşı oyunda yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ” cəmi 2 xal fərqi ilə məğlub olub – 24:26.

“Azərsu” 13 oyundan 24 xalla çempionatın lideridir. Ondan bir oyun az keçirən “Azəryol”  22 xalla ikinci yerdə qərarlaşıb. “Qarabağ” 14 xalla 3-cü, Tbilisi “Olimpiya”sı 7 xalla 4-cüdür. 5-ci pillədəki “İdman Akademiyası”nın  5 xalı var. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.